12 iyun 2023-cü il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı təşkil edilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin işçiləri, rayon ictimaiyyəti, həmçinin rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən uşaqlar iştirak edib.
Festivalda Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs olunub.
Bildirilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.
Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, onların inkişafının təmin edilməsi, bilik və bacarıqlarının genişləndirilməsindən ibarətdir.
Festival uşaqların ifasında hazırlanan rəngarəng mahnılar, kompozisiyalar və rəqslərlə davam edib.