Rusiya mediası Ukraynanın Zaporojye və Donetsk vilayətlərində bir neçə gün öncə başlatdığı əks-hücum əməliyyatları zamanı daha bir rusiyalı generalın öldürüldüyünü bildirib.

Heftelik.az “Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri Aleksandr Kotsa istinadən xəbər verir ki, öldürülən yüksək rütbəli zabit – Rusiya Quru Qoşunlarının 35-ci Ümumqoşun Ordusunun qərargah rəisi, general-mayor Sergey Qoryaçevdir.

Onun iyunun 13-ü gecə saatlarında Zaporojye istiqamətində raket zərbəsi zamanı öldüyü bildirilir.

Onunla birlikdə qərargahda xidmət edən bir qrup zabitin də həlak olduğu bildirilir.

Xatırladaq ki, Sergey Qoryaçevi Azərbaycanla bağlayan məqam onun Sovet İttifaqının Hava Desant Qoşunlarının Kirovadabddakı (ind.Gəncə şəhəri) diviziyasında xidmət etməsi ilə bağlıdır.

Sovet İttifaqının dağılmasından sonra Rusiyada 76-cı Hava Desant diviziyasında tağım və völük komandiri, daha sonra 108-ci alayın komandiri olub.

Hərbi karyerasının sonrakı mərhələsində o, Dnestryanındakı Rusiya qüvvələrinə rəhbərlik edib, Tacikistanda 201-ci bazada, Xabarovskda təlim mərkəzində xidmət edib.

Sergey Qoryaçev 2022-ci il fevralın 24-də polkovnik rütbəsində 5-ci əlahiddə tank briqadasının komandiri kimi müharibədə iştirak edib. O, müharibənin gedişində uğurlu fəaliyyətə görə Ordunun qərargah rəisi təyin olunub.