Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkə arasında möhkəm təməllər üzərində qurulmuş dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunun daha bir bariz təzahürüdür.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, məlum məsələdir ki, ikitərəfli münasibətlərdə dövlət səfərləri xüsusi önəm daşıyır.
“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarixən mövcud olub, lakin Vətən müharibəsi zamanı bu münasibətlər ən yüksək zirvəyə çatdı. Vətən münahibəsindən sonra da bu münasibətlər yalnız yüksələn xətt üzrə inkişaf edir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi. Lakin Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”, – deyə deputat bildirib.
S.Hüseynova bildirib ki, iki qardaş ölkə arasında münasibətlərinin müttəfiqlik səviyyəsinə çatdırılmasına Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezident İlham Əliyev arasında olan sıx dostluq münasibətləri böyük töhfə verib.
“Qardaş Türkiyədə zəlzələnin baş verməsindən sonra Azərbaycan ilk olaraq öz qardaşının yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və eyni zamanda faciənin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə dəstək göstərilməsi məqsədilə bir sıra tapşırıqlar verdi.
Dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmayıb, eləcə də siyasi müstəvidə özünü göstərib. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir”, – deyə deputat əlavə edib.
O qeyd edib ki, prezident seçkilərində Azərbaycan ictimaiyyəti Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərdi. “Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu.
Türkiyə Prezidentinin inaqurasiya mərasimində Azərbaycan prezidentinin və birinci xanımın iştirak etməsi Türkiyə Prezidentinin və Türkiyə Birinci xanımının Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya xüsusi münasaibəti bir daha iki qardaş ölkə arasında münasibətlərin nə qədər dərin olduğunu təsdiq edir.
Hazırda ikitərəfli əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir və bundan sonra da inkişaf edəcək”, – deyə deputat əlavə edib.