İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki dost və qardaş ölkə rəhbərlərinin təkbətək və geçiş tərkibdə görüşləri olub və görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edilməlidir ki, növbəti dəfə Türkiyə Respublikasının Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana ölkələrimiz arasındakı münasibətlərin dərinliyindən, bizi bir-birimizə bağlayan qardaşlıq tellərinin möhkəmliyindən xəbər verir. Həm Rəcəb Tayyib Ərdoğanın, həm də Prezident İlham Əliyevin il ərzində ən çox səfər etdikləri ölkələr Azərbaycan və Türkiyədir. Bu əlaqələr, qardaşlıq münasibətləri bizə dost və dost olmayan ölkələrə mesajdır.

Səfər çərçivəsində dövlətimizin başçısı ilə Türkiyə Prezidenti arasında baş tutan təkbətək və geniş tərkibdə görüşlərdə ötən dövr ərzində birlikdə görülən işlərin icra vəziyyəti, nəticələr, həmçinin gələcəkdə həyata keçirilməsi planlaşdırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sevindirici xəbərlərdən biri də odur ki, liderlər yaxın gələcəkdə Türkiyə-Azərbaycan birgə universitetinin fəaliyyətə başlaması ilə bağlı razılıq əldə ediblər. Təbii ki, qazanılmış bütün uğurların təməlində Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri dayanır. Biz bir millət, iki dövlət olaraq bir-birimizin sevincini və kədərini bölüşür, xoş və dar günlərdə bir-birimizin yanında oluruq. Türkiyədə təbii fəlakət baş verdikdə Azərbaycan dövləti gözləmədən, dərhal öz xilasedicilərini oraya göndərdi. Dünyada Azərbaycan və Türkiyə qədər aralarında bu qədər sıx qardaşlıq bağları olan ölkələr tapmaq çətindir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar. Təbii ki, bütün bunlar iki siyasi Liderin uzaqgörənliyi və səmimi əməkdaşlıqları sayəsində mümkün olub. Kənarda hazırlanmış bir çox xain planlar bu əməkdaşlıq, əzmkarlıq nəticəsində iflasa uğrayıb, təhdidlər zərərsizləşdirilib.

Diqqətə çatdırılıb ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə qardaş ölkələrimiz rəsmən müttəfiq oldular. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. Diplomatik cəbhədə Azərbaycan haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər. Bu gün Azərbaycanın bütün rayonlarında Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalandığını görərik. Xalqımızın Türkiyəyə olan sevgisi səmimidir, içdən gəlir.

Türkiyə-Azərbaycan qardaşlıq sevgisini pozmaq istəyən qüvvələr hər zaman olub. Qlobal güc mərkəzinə çevrilən Türk dünyasının güclənməsini istəməyən qüvvələr qardaş ölkələr arasındakı münasibətlərə xələl gətirmək, onları parçalamaq üçün yorulmadan çalışır, xain planlar qururlar. Biz həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyədə keçirilən prezident və parlament seçkilərində bunun şahidi olduq. Lakin Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqı ən doğru olan qərarı verdi və Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkənin prezidenti seçildi. Bu qələbə Azərbaycanda da böyük sevinclə qarşılaşdı. Çünki Azərbaycan xalqı populist vədlərə deyil, reallığa, nəticəyə söykənib addım atır, mövqe ortaya qoyur. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaq, yeni və daha böyük zəfərlər qazanacaqlar.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü