Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi “məhkəmə gəlir” elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər. Prosesdə iştirak edən şəxslər hakimə “möhtərəm hakim” sözləri ilə müraciət edir, ifadə və izahat verərkən ayaq üstə dayanırlar. Bu qaydadan kənara çıxmağa yalnız hakimin icazəsi ilə yol verilə bilər.
İşə məhkəmənin normal işləməsini və proses iştirakçılarının təhlükəsizliyini təmin edən şəraitdə baxılır. Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işə icra məmurları cəlb edilir. Məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası zalına daxil olmaq və oradan çıxmaq olmaz.