Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.
Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, ziyalılarımızın ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.
Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir ziyalı, elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.
Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Ulu Öndər həm də tanınmış elm xadimləri, ziyalıların fəaliyyəti ilə yaxından maraqlanır, onların problemlərinin həllində şəxsən iştirak edərdi. Onun tapşırıqlarına uyğun olaraq görkəmli Azərbaycan alimləri, şair və yazıçıları, ziyalılarının yubileyləri təşkil edilib, abidələri ucaldılıb və digər işlər görülüb.
1996-cı il sentyabrın 10-da Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan günyaşöhrətli kimyaçı alim Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə çıxış edən Ulu Öndər Heydər Əliyev ziyalı-alim barədə demişdir: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir.”
Digər yubiley tədbirində – görkəmli ziyalı, alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışında alimə çox yüksək qiymət verərək bildirib ki, “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir.”
Təksə bu iki misal Ulu Öndərin ümumilikdə Azərbaycan ziyalılarının nümayəndələrinə verdiyi qiymətin bariz nümunəsidir.
Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da daima diqqət yetirmişdi. Bunun əvəzi olaraq ziyalılar da ər zaman Ulu öndərin yanında olmuş, onun bütün işlərini dəstəkləmişlər.
Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü