Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransın iştirakçıları iyunun 8-də Şuşa şəhərinə səfər ediblər.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Verilən Məlumata görə, səfərdə xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislər, eləcə də AMEA nəzdində RSXM-nin baş mühəndisi Ramiz İskəndərov, “Beynəxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və şöbənin böyük elmi işçisi Altay Cəfərov, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı və şöbənin redaktoru Nuranə Məmmədova iştirak ediblər. Qonaqlara səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Həmçinin xarici qonaqlar ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində törətdikləri vandallıq aktları ilə əyani şəkildə tanış olublar.
08
Qonaqlar əvvəlcə Füzuli rayonunda ermənilərin rayonda törətdikləri dağıntılarla tanış olublar. Daha sonra isə Şuşa şəhərinə gəliblər. Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında qonaqlara ətraflı məlumat verilib. Həmçinin qonaqlar “Heydər Əliyev və Qarabağ” fotosərgisində, Cıdır düzündə, Bülbülün ev muzeyində və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsində olublar.
Bununla da Bakıda keçirilən konfrans çərçivəsində tədbirlər yekunlaşıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi