Magistral neft kəmərləri obyektlərinin təhlükəsizliyinin təmini üçün ümumi tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərləri (bundan sonra-MNK) obyektlərinin istismarı “Texniki Təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının, əməyin mühafizəsi üzrə texniki normativ sənədlərin tələblərinə uyğun, ərazinin və əhalinin baş verə biləcək fövqəladə hallardan müdafiəsini təmin etməklə və aşağıdakı tədbirlər nəzərə alınmaqla həyata keçirilməlidir:

– təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin təşkili və həyata keçirilməsi;

– texniki təhükəsizlik üzrə qaydaların, rəhbər sənədlərin, texnoloji reqlamentlərin, avadanlıqların və texniki sistemlərin istismar təlimatlarının tələblərinin yerinə yetirilməsi;

– MNK obyektlərinin müvafiq ixtisas tələblərinə uyğun olan işçilərlə təmin edilməsi;

– MNK obyektlərinin, avadanlıqlarının, qurğuların, bina və tikililərin texniki baxışdan və diaqnostik müayinədən keçirilməsi;

– MNK-də baş verə biləcək qəzaların və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

– MNK obyektlərində baş vermiş bədbəxt hadisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən araşdırılması və bununla əlaqədar müvafiq qurumlara məlumatların verilməsi (Əlavə 1);

– MNK-nın mühafizə zonalarına olan tələblərin təmin edilməsi.