İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.
Xüsusilə də, son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Ölkə başçısı bildirib ki, “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”. Prezident İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərin ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini deyib: “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”.
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Görüş zamanı qeyd edilib ki, iki dost və ardaş ölkə arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir. Artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinoin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Ölkələrimiz arasına həm də təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Beləliklə, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcəkdir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü