Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyət ləğv olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. Layihəyə əsasən, yaş senzi ləğv olunur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola biləcək.