Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
O bildirib ki, Türkiyə ilə qiymətləri müqayisə etsək, Türkiyənin 70-80 faizdən çoxu daxili istehsaldır: “Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların ölkə səhiyyəsinin inkişafı üçün kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər”.