Düz 30 il əvvəl – 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Anarxiya və hakimiyyətsizlik hökm sürürdü. Dağınıq silahlı birləşmələrdən ibarət “ordu”, həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən dövr yaşanırdı. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar müxtəlif planlar qurmuşdular. Cəbhədə isə düşmən fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini görmüşdü. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Xalqa ölkədə yaranan vəziyyətlə bağlı düzgün və ətraflı məlumat verilməyə başlandı. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımı tədbirlər görülməyə başlandı.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın xilaskarı kimi Bakıya gələrək Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.
Nəhayət ki, Azərbaycan xalqının arzu və istəyi reallaşdı, ədalətin və milli iradənin təntənəsi baş verdi. İyunun 24-də keçirilən və Azərbaycan Televiziyası ilə canlı yayımlanan Parlamentin iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Heydər Əliyev Ali Sovetin sədri vəzifəsində cəmi 4 ay çalışdı və bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
1993-cü ilin avqustun 29-da öz postundan könüllü imtina edərək Kələki kəndinə qaçan prezident Əbülfəz Elçibəyə etmad məsələsi ilə bağlı referendum keçirildi. Referendum respublikanın bütün bölgələrində tam demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun nümayiş etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçdi. Bununla da referendum Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha təsdiq edərək Heydər Əliyevə olan inamı bir daha nümayiş etdirdi.
Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını yalnız və yalnız Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı