Laçın rayonunun Zabux kəndi yenidən qurulur. Kənddə tikinti işləri 81 hektar ərazidə aparılır.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov deyib.

Vüqar İmranov bildirib ki, kənddə hər bir evin 9 sot həyətyanı torpaq sahəsi var, kənddə tikiləcək 223 evin 53-ü ikiotaqlı, 116-sı üçotaqlı, 28-i dördotaqlı, 26-s isə beşotaqlı olacaq: “Minkənd çayı Zabux kəndini iki hissəyə ayırır, bu səbəbdən kənddə uzunluğu 72 metr olan üç aşırımlı avtomobil körpüsünün də inşasına başlanıb”.

Onun sözlərinə görə, kənddə avtomobil körpüsü ilə paralel piyada körpüsü də inşa olunacaq. Çaylarda sululuğun artdığı zamanlarda yaşana biləcək fəsadların qarşısının alınması üçün 3200 metr uzunluğunda istinad divarları da inşa edilir.

V. İmranov bildirib ki, Zabux kəndində tikinti işləri müasir texnologiyalar əsasında aparılır: “Zabux kəndi işğaldan azad olunduğu an, öncə ANAMA-nın əməkdaşları təmizlik işlərinə başladı. 2023-cü il fevralın 1-də isə biz burada söküntü işlərinə başladıq. Köhnə xarabalığı söküb təmizlədik və tullantı meydançasına daşıdıq. İşğalçılar Zabux kəndində 63 ev inşa etmişdi. Biz onların da söküntüsünü həyata keçirdik. Bu kənddə ermənilərin tikdiklərindən heç bir iz qalmayıb”.

Qeyd olunub ki, Zabux kəndində tikinti-quruculuq işlərinə martın 1-də start verilib. Baş plan üzrə kənddə 223 evin tikilməsi nəzərdə tutulub. Hazırda kənddə 50 yerlik uşaq bağçası tikilir, yol infrastrukturu qurulur, kanalizasiya, su, işıqlandırma sistemi çəkilir, abadlıq işləri görülür, park salınır: “Xüsusilə qeyd etmək istəyirəm ki, digər layihələrdən fərqli olaraq, burada iqlim şəraitinə uyğun olaraq evlər termoizolasiya olunur, yəni evlərin daş yun ilə üzlənməsi həyata keçirilir.

Eyni zamanda alternativ enerji ilə paralel olaraq günəş enerjisindən istifadə olunması da planlaşdırılıb. Bu da onu göstərir ki, Qarabağda həyata keçirilən bütün layihələrin hamısı ən yüksək səviyyədə, yüksək texnologiyalar əsasında icra olunur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə səfəri zamanı laçınlı ailələrlə görüşdə zabuxluların da qısa müddətdə öz torpaqlarına qayıdacağını bildirib. Qeyd olunub ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların ixtiyarına veriləcək.

Zabux və Sus kəndləri Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib.