“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilib.

Məhkəmə Hüquq Şurasından Heftelik.az-a verilən xəbərə görə, şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılmış, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub.

Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb.

Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakimi açaraq konfransın işinə uğurlar arzulanıb.
Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.

Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülmüşdür.

Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilmişdir.

Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin hakimləri – İnam İmdad oğlu Kərimov, Çingiz İsgəndər oğlu Əsgərov, Sənan Firudin oğlu Hacıyev,
Apellyasiya instansiya məhkəmələri üzrə hakimlər – Səadət İnayət qızı Bəktaşi, Mübariz Dosməmməd oğlu Əkbərov, Tofiq Temir oğlu Paşayev və birinci instansiya məhkəmələri üzrə hakimlər – İsmayıl Kamil oğlu Xəlilov, Kamran Şakir oğlu Süleymanov, Toğrul Məhəmməd oğlu Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub.

Qeyd edək ki, Səfa Mirzəyev Milli Məclis Aparatının rəhbəri olub.