Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin tərkibində nəzərə alınmayan xərclər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.

Layihələndirmə xidmətlərinin bu Qaydalara uyğun təyin olunan dəyərinin tərkibində aşağıdakı xərclər nəzərə alınmır və əlavə olaraq hesablanır:

– xüsusi mürəkkəb konstruksiyaların və fərqli iş icrası üsullarının tətbiqi ilə müşayiət olunan tikinti obyektlərinin layihələndirilməsi zamanı xüsusi yardımçı qurğuların, avadanlıq, texnika və ləvazimatın işçi cizgilərinin hazırlanması;

– tikinti obyektlərinin dekorativ tərtibatı ilə bağlı həllərin işlənməsi;

– daha müasir avadanlığın tətbiqi, yeni normativ sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti layihəsinə dəyişikliklərin edilməsi (layihəçi tərəfindən yol verilmiş uyğunsuzluqların aradan qaldırılması işləri istisna olunmaqla);

– zavod istehsalı olan metal konstruksiyaların və texnoloji boru kəmərlərinin, eləcə də qeyri-standart (fərdi sifariş əsasında hazırlanan) inşaat məmulat və konstruksiyalarının işçi cizgilərinin işlənməsi;

– yenidən qurulması və ya bərpası nəzərdə tutulan tikinti obyektlərində müayinə və ölçü işlərinin aparılması;

– tikinti layihələrinin ekspertizadan keçirilməsi;

– tikinti layihəsinin nüsxələrinin nəzərdə tutulan saydan çox hazırlanaraq təqdim olunması;

– sərgi maketlərinin hazırlanması;

– tikinti layihəsinin xarici dildən Azərbaycan dilinə və ya Azərbaycan dilindən xaricə dilə tərcümə edilməsi;

– tikinti işlərinin yerinə yetirilməsi layihəsinin tərtib edilməsi;

– müəllif nəzarətinin həyata keçirilməsi;

– layihələndirilmədə elmi-tədqiqat və təcrübə-sınaq işlərinin aparılması.

– xarici ölkələrə nəzərdə tutulan xidməti ezamiyyə xərcləri.