Dələduzluqda təqsirli bilinərək 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Ramin Hacılı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Heftelik.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
R. Hacılının vəkili Rəşad Əliyev “Qafqazinfo”ya bildirib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə bəraət verilib, cəzası 6 ay azaldılıb. Bu qərarla onun 5 il 2 ay çəkilməmiş həbs müddəti qalıb.
Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilib, 2019-cu ildə azadlığa buraxılıb. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və 34, 312-ci (rüşvətə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədridir.