Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisə bu rayonun sakini olaraq məndə böyük narahatlıq hissi doğurur
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Hüseynova deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi məlumatda da göstərilən kimi Gədəbəy rayonunun Söyüdlü kəndində süni gölün tikintisi prosesində bir qrup kənd sakini ilə polis arasında insident yaşanıb. İnsident zamanı bir qrup kənd sakini süni gölün ərazisində işləyən fəhlələrə daş atıb, onlara qarşı küt alətlərdən istifadə edib, polisə müqavimət göstərib. Xoşagəlməz və ən çox müzakirə olunan məsələ isə orada polis əməkdaşının yaşlı qadınlardan birinə gözyaşardıcı qaz istifadə etməsi ilə bağlı görüntüdür. Məlumat üçün bildirim ki, Söyüdlü kəndi rayonumuzun ən böyük kəndlərindəndir və bu kənd həm də ən çox ziyalı yetişdirən kəndlərdən biridir. Sözügedən göl isə 10 ildən artıq müddətdir ki, bu ərazidə mövcuddur. Gölün, ümümiyyətlə, “Azerbaijan İnternational Mining Company”nin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı aidiyyatı qurumlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və bu məsələ dövlətin nəzarətində saxlanılır:
“Bildiyiniz kimi, artıq aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər görülməkdədir. Hadisə zamanı polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi faktının araşdırılması DİN əməkdaşları tərəfindən aparılır, nəticəsinə görə məsələyə hüquqi qiymət veriləcəkdir. Əhalini narahat edən məsələnin, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunmasının araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə komissiya yaradılıbdır.
Bu arzuolunmaz bir hadisədir, ələlxüsus ölkəmiz üçün həssas belə bir vaxtda ,sakinlərimiz səbrli olmalı, emosional hərəkətlərdən çəkinməli, hərəkətlərinin qanun çərçivəsində olmasına diqqət verməlidirlər”.