Bakı şəhəri Nizami rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində 26 il əvvəl törədilmiş qətlin üstü açılaraq, cinayətin əvvəllər qəsdən adam öldürmə və sair əməllərə görə məhkum olunmuş Kərim Kərimli tərəfindən mübahisə zəminində xüsusi amansızlıqla törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimli Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən illərdən bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir.