Sumqayıt Regional Mədəniyyət İdarəsı tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair auditor hesabatı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, auditor hesabatında qeyd edilib ki, Hesablama Palatasının 2023-cü il üçün İş planına əsasən İdarədə həyata keçirilmiş audit 2021-2022-ci illəri və həmin illərdə istifadə olunmuş 40741,8 min manat məbləğində vəsaiti əhatə etmişdir. KDMN tədbiri İdarə tərəfindən hesabatlılıq prinsipləri daxil olmaqla dövlət vəsaitinin və digər dövlət əmlakının idarəolunmasının və istifadəsinin, o cümlədən dövlət satınalmalarının həyata keçirilməsinin, həmçinin baş vermiş əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşımış və uyğunluq auditi formasında icra edilmişdir.
Nəzarət tədbirinin proqramı ilə müəyyən edilmiş məsələləri əhatə edən hüquqi aktlar meyar olaraq qəbul edilmiş, aparılan audit üzrə nəticələrin formalaşdırılması məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar, dəlillər) müəyyən edilmiş audit meyarı ilə müqayisə olunmuşdur. Audit planlaşdırılmasında müəyyən edilmiş auditin predmeti, əhatə dairəsi və audit prosedurlarına uyğun audit sübutlarının toplanması üçün zəruri sənədlər təqdim edilmiş, audit qrupunun fəaliyyətinə maneə törədilməsi halları olmamışdır
Audit KDMN tədbirinin proqramında müəyyən edilən predmet məsələlər üzrə audit qrupu tərəfindən mövcud təlimat və standartların prinsiplərinə uyğun aparılaraq müvafiq sübutların toplanması həyata keçirilmiş, İdarənin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması, maliyyə hesabatlarının tərtibi ilə bağlı fəaliyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir.
İdarə tərəfindən proqnozlaşdırma ilə bağlı fəaliyyət əsaslı şəkildə təşkil edilməmiş və vəsaitlərin istifadəsi vəziyyətinə təsir edən amillər tam nəzərə alınmamışdır. Bu isə bir sıra hallarda proqnoz göstəricilərinin əsaslandırılmadan artımlarla müəyyən olunması, xərclər smetasında xərc maddələri üzrə icra prosesində dürüstləşmələr aparılsa da, vəsaitin bir hissəsinin ilin sonunda istifadə olunmayaraq dövlət büdcəsinə geri qaytarılması, eyni zamanda, cəmi xərclərin icra səviyyəsinin yüksək olması fonunda təsiredici amilləri tam nəzərə almaq mümkün olan əməyin ödənişi ilə bağlı xərclər istifadə edilməmiş vəsaitin cəmi məbləğində böyük paya malik olmuşdur. Belə ki, auditin əhatə etdiyi illərdə cəmi qaytarılmış məbləğin müvafiq olaraq 51,4%-ni və 36,8%-ni əməyin ödənişi ilə bağlı xərclər təşkil etmişdir.
Eləcə də bəzi xərc maddələri üzrə 2021-ci ildə icra səviyyəsinin aşağı olması nəzərə alınmadan 2022-ci il üçün proqnozların artımla tərtib edilməsi səbəbindən icra səviyyəsi aşağı olmuş, bir neçə xərc istiqaməti üzrə vəsait icra edilməmiş, bir sıra xərclərdə icra səviyyəsi 80,0%-dən az, bir sıra xərc istiqamtlərində isə daha aşağı olmşdur. İlkin xərclər smetası təsdiq edilən zaman büdcə vəsaitinə olan ehtiyacın düzgün müəyyənləşdirilməməsi nəticəsində ilkin dürüstləşmə zamanı artırılmış xərclər bəzi hallarda sonrakı dürüstləşmələr zamanı azaldılmış, bəzi hallarda tələbat olmadığı halda dürüstləşmə aparılaraq xərc maddələri artırılsa da, artırılmış vəsaitlər istifadə olunmamış, icra ilkin təyinatdan da aşağı olmuşdur.
2021-2022-ci illərdə ayrılmış dövlət vəsaitlərinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ahəngdar icrasının təmin edilməməsi həmin illərdə aylar üzrə maliyyələşmə və icra məbləğlərinin kəskin fərqlənməsinə səbəb olmuş, bəzi hallarda ümumiyyətlə açılmış vəsaitlərdən istifadə edilməmiş, bir sıra hallarda bir ay üçün daha böyük məbləğdə maliyyələşmə tələb olunaraq daha az icra edilmiş və növbəti aylarda isə, əksinə, açılmış az maliyyələşmə məbləği fonunda əvvəlki aylardan istifadə olunmamış vəsaitlər hesabına daha yüksək icra səviyyəsi nümayiş etdirilmişdir.
Büdcədənkənar fəaliyyətin təhlili digər regional mədəniyyət idarələrində olduğu kimi, audit obyektində də fəaliyyətin əhatəli şəkildə təşkil edilmədiyini və gəlirlərin artırılması ilə bağlı potensialdan tam istifadə olunmadığını göstərir. Belə ki, ümumilikdə İdarənin əhatəsində olan 122 sayda müəssisənin 2021-ci ildə 23,8%-də, 2022-ci ildə isə 28,7%-də bu fəaliyyət təşkil edilmiş, auditin əhatə etidyi illərdə büdcədənkənar gəlirlərin daxil olduğu müəssisə sayının təkcə 20,7% artımı fonunda gəlirlər 2,0 dəfə artım meyli nümayiş etdirmişdir.
Tədrisin şagird sayının müəyyən edilmiş normalara riayət edilmədən, eləcə də sinif otaqları çatışmadığı halda təşkili dərs saatlarının düzgün tarifləşdirilməməsi və dərs saatlarının üst-üstə düşməsi ilə nəticələnərək dövlət vəsaitinin də artıq istifadəsinə şərait yaratmışdır. Göstərilən nöqsanlar səbəbindən İdarənin əhatə etdiyi rayon və şəhərlər üzrə ümumilikdə 353,5 artıq dərs saatı tarifləşdirilməklə 99,6 min manat məbləğində dövlət vəsaitinin artıq istifadəsinə
yol verilmiş, bu istiqamətdə nöqsanların daha çox 2020/2021-ci tədris ilinə aid olması müəyyən edilmişdir. Abşeron rayonu Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə təsdiq edilmiş dərs cədvəli üzrə sinif otaqları çatışmadığı halda tədrisin təşkil edildiyi, bununla da dərs cədvəlində dərs saatlarının toqquşması, məktəb üzrə 2022/2023-cü tədris ilində bu səbəbdən keçirilməyən dərs saatlarına görə ümumilikdə 76 müəllim üzrə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək 34,6 min manat məbləğində əməkhaqqı ödənildiyi müəyyən olunmuşdur.
Hüquqi aktların tələblərinə tam əməl olunmaması bir sıra mədəniyyət müəssisələrinin strukturunun düzgün müəyyən edilməməsi və artıq ştatların saxlanılmasına şərait yaratmış, həmin ştatlar üzrə dövlət vəsaitinə əlavə tələbat formalaşdırılmış, İdarənin əhatə etdiyi mədəniyyət müəssisələri üzrə cəmi 24,5 ştat vahidi artıq saxlanılmaqla 220,8 min manat əməkhaqqı ödənilmişdir.
İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə orta təhsilli əməkdaşların çalışdığı müəyyən olunmuş, bununla da İdarə tərəfindən Əsasnamədə tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək kimi vəzifəsi tam yerinə yetirilməmişdir.
Auditin əhatə etdiyi dövr ərzində İdarənin əhatə etdiyi mədəniyyət müəssisələri üzrə dərəcələrin düzgün müəyyən olunmaması, tarifləşmənin düzgün aparılmaması 4,3 min manat artıq, eləcə də 2,7 min manat əskik əməkhaqqı ödənilməsi ilə nəticələnmişdir.
Eləcə də ezamiyyə xərclərinin icrası zamanı ezamiyyə günlərinin sayının fəaliyyətə uyğun olmaqla düzgün hesablanmaması, əlavələrin müvafiq qaydada tətbiq edilməməsi, İdarənin balansında olan avtomobillərə sərf edilmiş yanacaq xərcinin ödənilməsi zamanı normalara əməl olunmaması artıq büdcə vəsaitinin istifadəsinə şərait yaratmışdır.
Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə əsasən rəqabətli satınalma metodlarına üstünlük verilsə də, satınalmalar planlaşdırılmamış, şəffaflıqla bağlı hüquqi aktların tələblərinə əməl olunmamış, tender komissiyasının tərkibinin və üzvlərinin sayının hüquqi aktların tələblərinə uyğun müəyyən edilməsi fonunda komissiyanın fəaliyyətinin düzgün təşkil olunmaması hesabatlılığın təmin edilməməsi ilə nəticələnmişdir.
Auditin əhatə etdiyi dövr ərzində keçirilmiş satınalmalara dair şərtlər toplusu tərtib edilsə də, bu istiqamətdə tələb olunan mal, iş və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi ilə bağlı mövcud resurslardan tam istifadə olunmamış, bu isə dövlət vəsaitlərindən daha qənaətli istifadə imkanlarını məhdudlaşdırmışdır.
Nazirlik tərəfindən nəzarət fəaliyyətinin tam həyata keçirilməməsi fəaliyyətin nəticələri, o cümlədən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı hazırlanmış hesabatlarda bir sıra uyğunsuzluqların yaranmasına səbəb olmuş, mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi ilə bağlı yol verilmiş nöqsanlar bir sıra hallarda aktivlərin faktiki mövcudluğunun təsdiq edilməsi imkanlarını məhdudlaşdırmaqla yanaşı, bəzi hallarda aktivlərin dəyərinin, bununla da hesabat göstəricilərinin təhrif olunması ilə nəticələnmişdir.
Toplanmış audit sübutları, həmçinin İdarə tərəfindən təqdim edilmiş məlumatlar yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmış, auditor tərəfindən İdarənin əməyin ödənişi, eləcə də mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi istiqamətində fəaliyyəti istisna olmaqla, əsasən qüvvədə olan hüquqi aktlara uyğun olması ilə bağlı rəy təqdim edilmişdir.
Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair İdarənin münasibəti diqqətə alınmaqla əməyin ödənişi, büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının keçirilməsi, həmçinin mühasibat uçotunun təşkili və aparılması prosesində hüquqi aktların tələblərinə tam riayət edilməsi və bu sahədə nəzarətin gücləndirilməsi zərurəti hesabatda diqqətə çatdırılmışdır.
Auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İdarə tərəfindən ümumilikdə 353,5 saat hesabına artıq ödənilmiş əməkhaqqı üzrə cəmi 99542,5 manat, əməkhaqqına əlavələr üzrə 8040,2 manat, Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə dərslərin üst-üstə düşməsi səbəbindən artıq ödənilmiş 34564,0 manat vəsaitdən 28600,0 manat, əməkhaqqı kartlarına artıq ödənilmiş 6 halda ümumilikdə 2371,27 manat, normadan artıq ödənilmiş yanacaq xərci üzrə 658,0 manat, ezamiyyə günlərinin sayının düzgün müəyyən edilməməsi nəticəsində 5 halda artıq ödənilmiş ezamiyyə xərci üzrə 1344,6 manat, tədbirlərin keçirilməsi məqsədilə istifadə edilən materialların düzgün olmayaraq xərcə silinmiş dəyəri üzrə 1510,0 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində 8,0 ştat vahidinin 01.02.2023-cü il tarixindən yeni ştat cədvəlinə daxil edildiyi, 2022-ci ilin maliyyə hesabatlarının layihəsində müəyyən olunmuş təhriflərin düzəlişlər edilməklə hesabatların yenidən tərtib olunduğu nəzərə alınmış, tarifləşmənin düzgün aparılmaması səbəbindən artıq ödənilmiş 4265,6 manat və əskik ödənilmiş 2688,0 manat, dərslərin üst-üstə düşməsi səbəbindən 34564,0 manat artıq ödənilmiş əməkhaqqından qalan 5964,0 manat məbləğində vəsaitin müvafiq qaydada bərpasının təmin edilməsi, artıq ödənilmiş vəsaitlərin bərpasının maliyyə hesabatlarında əks olunması ilə bağlı tapşırıqlar əks olunmuşdur.
Eləcə də, əməyin ödənilməsi ilə bağlı yol verilmiş nöqsanlar, xüsusilə əskik ödənilmə halları, eləcə də digər regional idarələrdə göstərilmiş nöqsanlara rast gəlinmə riskini diqqətə çatdırmaqla auditin nəticəsi üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları və nöqsanların aradan qaldırılması məqsədi ilə Hesablama Palatasının Kollegiya Qərarının və təsdiq olunmuş Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərilməsi təklif edilmişdir.