“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonu geri çəkdiyini bildirib.
O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdır.
“Vaqner ÖHŞ-ni yenidən formalaşdırmaq istəyirdilər, biz iyunun 23-də ədalət yürüşünə çıxdıq. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanını da axıtmamışıq. İndi qan tökülə bilər. Tərəflərin birindən rus qanının töküləcəyinə görə məsuliyyət daşıyanların hamısını anlayaraq – kolonlarımızı geri döndərib əks istiqamətə plan üzrə səhra düşərgələrinə yola düşürük”, – deyə Priqojin bildirib.
Priqojin əlavə edib ki, Vaqner döyüşçüləri Moskvaya 200 kilometr qalmış geri qayıdıblar. Bu müddət ərzində qrup üzvləri tərəfindən “bir damcı da qan tökülməyib”.
Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Qeyd olunub ki, “Vaqner” özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında isə növbəti telefon danışığı olub.
Belarus Prezidenti Rusiya Prezidentinə “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya Prezidenti belaruslu həmkarını dəstəkləyib və görülən işlərə görə təşəkkür edib