Uşaq musiqi məktəblərində çalışan əvəzçi müəllimlərin əmək hüquqları pozulur.
Əvəzçi müəllimlərə 56 gün əmək məzuniyyəti verilməli olduğu halda, bu müddət 42 günə endirilib.
Hansı haqla, hansı əsasla?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) açıq-aşkar yazılır ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
– illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
Göründüyü kimi burada işçinin daimi əsasda və ya müddətli müqavilə ilə çalışmasının məsələyə heç bir aidiyyatı yoxdur.
İndiki halda Mədəniyyət Nazirliyi əvəzçi müəllimlərə “işləyəndə ortaq qardaş, dincələndə yad qardaş” münasibəti göstərir və görünən odur ki, uşaq musiqi məktəblərində əmək münasibətləri Əmək Məcəlləsi ilə yox, “Cinayət Məcəlləsi” ilə tənzimlənir.
Digər tərəfdən əvəzçi müəllimlərlə müqavilənin müddəti ötən illərdə iyunun sonuna qədər bağlandığı halda, artıq 2 ildir 14 iyunda başa çatdırılır. Beləliklə, əvəzçi müəllim həm də iyun ayının 15 günlük əmək haqqından məhrum edilir.
Müəllim il boyu çalışır, əziyyət çəkir, uşağı hazırlaşdırır və sonda mükafat olaraq, dərs ili başa çatan kimi müqaviləsinə son verilir ki, sentyabrın 15-ə qədər olan müddətin pulu verilməsin. Budurmu mədəniyyət sahəsində aparılan islahat? Əgər, Əbülfəs Qarayevin dövründə məktəblərdəki fortepianolar “yeyilirdisə”, indi müəllimlərin əmək haqlarına, halal zəhmətinə göz dikilib.
Çingiz Səfərli