Şahdağ Turizm Mərkəzində hotellərin qiyməti açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov məlumat verib.
O bildirib ki, mərkəzin ərazisində yerləşən bütün hotellərdə qiymətlər 100 manatdan başlayır.
“Qaya hotelində iki nəfərlik otaqların bir gecəsinin qiyməti isə 105 manatdan başlayır. Qiymətlərimiz bazara uyğunlaşdırılıb. Şahdağ Turizm Mərkəzini ziyarət edənlər arasında yerli turistlər üstünlük təşkil edir. Xarici turistlərin sayına gəldikdə isə qışda Rusiyadan, yayda isə BƏƏ-dən daha çox turist qəbul edirik”, – o deyib.
Rüstəm Nəcəfov vurğulayıb ki, şəhid ailələrinin üzvləri üçün Şahdağ Turizm Mərkəzinin ərazisində olan bütün xidmətlər pulsuzdur.
O bildirib ki, şəhidlərimizin uşaqları üçün mütəmadi olaraq tədbirlər keçirilir: “Hər zaman bu məsələyə diqqətlə yanaşmağa çalışmışıq və bundan sonra da fəaliyyətimizi bu şəkildə davam etdirəcəyik”.