Fransız aqibəti…

02 İyul 2023, 21:04

Azərbaycan KİV-ləri Fransada baş verənləri diqqətdə saxlayır. Biz Frankofaniya üzvü deyilik, Fransanın qonşusu deyilik, xarici ticarət dövriyyəmizdə Fransa ilk beşlikdə (deyəsən, hətta, ilk onluqda!) deyil. – Deyil də deyil; bəs Fransaya niyə belə bərk odaklanmışıq? Cavab çox sadədir: Fransanın uzunmüddətli anti-Azərbaycan siyasəti, necə deyərlər, Azərbaycanafob, türkofob, islamofob davranışları bizi Fransa ilə ellikcə maraqlanmağa sövq edir. Özəlliklə (və konkret olaraq), işğalçı Ermənistanı ədalətsizcə və davamlı müdafiə etməsi, fransız parlamentinin hər iki palatasının qondarma “DQR”i dövlət kimi tanımağa xidmət edən qərarları bizlərdə bir sual yaradırdı: bəs bu qədər ədalətsizlik, destruktiv addımlar, işğalçıya haqq qazandıran açıqlamalar, Qarabağdakı bir ovuc separatçını əlahiddə yüksəklərdə və toxunulmaz tutmaq cəhdləri Fransanın öz başında çatlamazmı ola?.. Çatlar, əlbət! Partlar, əlbət! Kainatın öz ruhu, dünyanın öz nizamı, haqq-ədalətin (düz çəkən) tərəzisi vardır, əlbəttə! Sən soyqırım törətmiş dövlət olacaqsan, üstəlik, soyqırım törətmiş Ermənistanı müdafiə edəcəksən, eləmi?!. Haraya, nə vaxta və kimə qədər? Dur, indi et, görüm edə bilirsənmi? Öz içindən çökərkən də, uzaqlarla çox maraqlanırsansa, dinlə: artıq, sənin qarşında (sənin hesablamadığın!) güc var! 44 günlük savaşda 30 illik ağır işğala son verən, sənin (Fransa, şəxsən sənin!) cızdığın gerçəklik çərçivəsi ilə razılaşmayan və özü bölgədə yeni gerçəkliklər yaradan Azərbaycan dövləti var! Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış “Şuşa Bəyannaməsi” var!
Bu varlıq, bu duruş, bu görkəm önündə “yoxluqlar”la çıxış etməyin heç bir gələcəyi ola bilməz!

*
Biz Dərviş Məstəli Şah deyilik – onun bir komedik obraz olduğu bəllidir amma Müsyo Jordanın dedikləri bu gün də doğrudur: Paris dağılır. Biz dağıntıya, yıxıma, talana sevinənlərdən deyilik – Tanrıya şükürlər olsun, dədə-babadan gələn xarakterimiz var! Biz qarğış da qarğamırıq. Ancaq şəhərləri, qəsəbə və kəndləri vandalca dağıdılmış, insanları əsir-girov götürülmüş, işgəncə ilə öldürülmüş bir ölkənin vətəndaşları olaraq, bizim başımıza bu müsibətləri gətirmiş “dövlət”i, “xalq”ı arsızca, aramsızca müdafiə edən Fransanın bugünlərə düşəcəyini təsəvvür edirdik. Fransada yaşananları, fransız elitasının iri ayna önünə keçməsi, öz dış siyasətinə çəki-düzən verməsi baxımından İlahi ədalətin təcallası hesab etmə haqqımız var.
Bəli, Paris başda olmaqla Fransanın iri şəhərlərində baş verənlər artıq tam anlamında bir dövlət böhranıdır. Sanki dövlət çöküb, idarəetmə sıradan çıxıb və dünya yenidən “Fransız bespredeli” dönəminə tanıq olur.
Diqqət edin:
Fransa öndə olmaqla bir sıra aparıcı Batı Avropa dövlətlərinin 10-11 il bundan öncə Afrikada, Yaxın Doğuda “Ərəb baharı” (“Le printemps Arabe”; “The Arabian Spring”)
adı altında təşkil etdiyi xaos, “bespredel” indi Avropa Birliyinin düz göbəyində – Fransanın paytaxtında və dörd bir yanında yaşanır. Nümayişlər ara vermir.
Nümayişçilər hesab edir ki, 17 yaşlı Naelin qətli ədalətli araşdırılmır, çünki, o, ərəb əsillidir. Şair demiş, tək suçu ərəb olmaqdır…
Makron hakimiyyətinin fransız olmayanlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşması növbəti dəfə (!) özünü göstərməkdədir. Fransa polisinin amansız girişimlərinə baxmayaraq, nümayişçilər öz haqlı tələblərindən əl çəkmir. Haqlı ilə haqsız üz-üzədir: haqsız olan yenə fransız dövlətidir! – O dövlət Ermənistan-Azərbaycan münasibətlərində (münasibətsizliklərində!) də, Türkiyəyə, Türk-İslam dünyasına münasibətdə də (demək olar, bir qayda olaraq) haqsızlığı təmsil edib!
Haqq nazilər, üzülməz! Haqla zarafat etmək olmaz, haqqa milli, dini don geyindirmək, ötələşdirmək olmaz!
Örnəyi,
Papazyana hesabatı (bəli, bəli, hesabatı!) zamanı Xankəndidəki erməni əsilli sakinlərin hüquqlarını qoruyacağını deyən (və Paşinyan belə yanında olmasa təkbaşına irəli duracağını söyləyən!) Makron, hazırda Fransada pozulan fundamental insan hüquqları haqqında görəsən nə düşünür? Bəs Fransa şəhərlərindəki azlıqların, lap elə fransızların hüquqlarını kim təmin edəcək? Özünə umaş ova bilməyən, başqasına əriştə kəsə bilərmi?.. Hələ-hələ o əriştə kəsiləsilər Fransadan çox uzaqlardaysa…

Budur, başqa ölkələrə demokratiya dərsi keçməyə çalışan Fransada insanların ən adidən tutmuş bütün dərəcə hüquqları pozulur. Onların təhlükəsiz yaşamaq, istirahət etmək, şəxsi mülkiyyət və b. hüquqları təmin edilmir. Makron hökuməti etirazçılar qarşısında, eləcə də, etirazlarla paralel baş verən soyğunçuluq halları qarşısında acizdir.
Umac ova bilməyən, əriştə də kəsə bilməyən Makron indi, Fransanın bir zamanlar müxtəlif Afrika ölkələrində (oraları bir əldən talamaqçün!) yaratdığı diktator rejimlərinin liderlərinə çox bənzəyir: öz xalqının üzərinə silahlı polisləri göndərir.
Ancaq vətəndaşlar Makron hakimiyyətinə (rejiminə!) kütləvi itaətsizlik göstərir. Haqsızdırlarmı? Sanmıram…

Artıq heç kəs üçün sirr deyil ki, Fransadakı hazırkı böhranlı durum Makron hökumətinin yarıtmaz siyasətinin bəhrəsidir. Makron Qafqazlara baxışda da, Türk-İslam aləminə yanaşmada da, AB-də, BMT TŞ-də də yarıtmazdır ki yarıtmazdır!
Fransada etirazlar sabah-birisigün Makronun istefası ilə başa çatsa heç təəccüblü olmaz. Ancaq məsələ bununla bitməz. Əgər “yurdda sülh, cahanda sülh” (Atatürk) düsturuna gəlməzlərsə Fransanı yeni Şarl de Qoll meydana çıxsa belə çətin xilas edə… Yəni Makronun uğursuz idarəetməsi, (yumşaq desək) özünü doğrultmamış sosial siyasəti Fransanın təkcə bu gününü yox, həm də gələcəyini də təhlükə altına alır. (Bir halda ki belədir) alsın da, salsın da – can onların, cəhənnəm Tanrının.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər QOŞALI