Bütün insanlar kimi dahilərin də fobiyaları, qorxuları olub. Daha çox uşaq yaşlarında yaşadıqları travmalı hadisələr və irsən keçən fobiyalar dahilərdə də özünü nümayiş etdirib.
Heftelik.az Vüqar İsmayılovun dahilərin fobiyaları ilə bağlı yazısını təqdim edir.
Romanın əfsanəvi imperatoru Qay Yuli Sezar qanlı döyüşlərdən və təhlükəli sınaqlardan üzüağ çıxsa da, şimşək çağması qarşısında aciz idi. Antik tarixçilər imperatorun şimşək çaxan zaman öz xüsusi sığınacağında gizləndiyini qeyd edir.
Məşhur fransalı yazıçı Gi De Mopassan isə tək qalmaqdan qorxurdu. Məhz bu qorxu yazıçını çoxsaylı məşuqələr saxlamağa vadar edirdi.
Ekspertlər güman edir ki, ingiltərəli dramaturq Uilyam Şekspir eksqumasiya fobiyadan (qəbrin açılması) qorxurdu. Hətta buna görə vəsiyyət etmişdi ki, onun məzarının açılmaması üçün qəbir daşında müəllifi olduğu lənəti də həkk etsinlər. Dramaturqun 37 pyesindən 16-da eksqumasiya mövzusu yer alıb.
Entomofobiyadan (həşərat qorxusu) məşhur ispan rəssamı Salvador Daliyə həyatı boyu əziyyət verib. Xüsusən, çəyritkələrdən qorxan dahi rəssam çəyritkələrlə qarşılaşmamaq üçün özünü öldürməyə də hazır olduğunu demişdi.
Dahi rus mütəfəkkiri Lev Tolstoy ölümdən və panika halından qorxurdu. Bəzən qəfil panikaya düşən yazıçı evdən qaçırdı.
Yazıçı Nikolay Qoqol isə diri-diri basdırılmaqdan (tatefobiya) qorxurdu. Belə ki, malyariya ensefaliti xəstəliyindən əziyyət çəkən yazıçı sonralar tez-tez huşunu itirirdi və ardınca dərin yuxuya gedirdi. O, qorxurdu ki, belə hadisələr çox təkrar olunsa, insanlar onu ölmüş zənn edəcək və diri-diri basdıracaq. Bu qorxu onda o qədər böyük idi ki, Qoqol heç vaxt yatmaq üçün çarpayıya uzamırdı, oturaq vəziyyətdə yatırdı.
Ölümündən əvvəl yazdığı məktubda isə dostlarından xahiş edirdi ki, yalnız meyitinin çürüməyə başlamasından əmin olduqdan sonra onu dəfn etsinlər.
Sovet diktatoru İosif Stalin isə eyni vaxtda bir neçə fobiyadan əziyyət çəkib. Toksikofobiya (zəhərlənmə qorxusu) və təyyarədə uçmaq qorxusu ilə yanaşı, diktator yuxuya getməkdən də (somnifobiya) əziyyət çəkirdi. Stalin, adətən əldən düşdükdən sonra, gecə radələrində yuxuya gedə bilirdi.
Vüqar İsmayılov