Qida əlavəsi dünyanın heç bir ölkəsində xüsusi nəzarət altında deyil.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışı zamanı deyib.
“Hesab edirəm ki, bu yöndə tibbi maarifləndirmə məsələləri artırılmalıdır”, – o əlavə edib.
Nazir müavini dərmanların qiyməti məsələsinə toxunub: “Tətbiq olunan qiymət tənzimlənməsi bugünkü reallığına uyğun aparılır və ən uyğunudur. Dərman vasitələrinin qiymətinin nizamlanması bütün dünyada eyni formada aparılır. Qiymətlərin tənzimlənməsi sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Qiymətini müqayisə etdiyimiz dərman vasitələrinin həmin ölkələrdə daxili istehsalın olub-olmamasına bağlıdır. Məsələn, ölkəmiz təbii qaz ixracı ilə məşğuldur. Fikir verin, bizim özümüzə həmin təbii qaz hansı qiymətə verilir və ixrac etdiyimiz ölkələrdə həmin təbii qaz əhaliyə hansı qiymətə verilir? Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?”.
Rasim İsmayılov qeyd edib ki, qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur: “Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlərdə başqa olur. Belə olan halda, dərman vasitələrinin qiymətinin aşağı salınması ilə bağlı necə fikir söyləmək olar? Bizim hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiyməti bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olması? Məsələ budur”.