Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarda müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması, formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsi, reyestrin aparılması məqsədləri, prinsipləri və forması, onun strukturu və reyestrə daxil ediləcək məlumatların predmeti, habelə ondan birbaşa istifadə edəcək subyektlərin dairəsi nəzərdə tutulub.
Bu barədə Heftelik.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən xəbər verilib.
Müvafiq qərar qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir. Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində qaz paylayıcısı ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirməlidir.
Qərarın qəbul edilməsində məqsəd istehlakçının qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar edilməsidir.
Müvafiq qərarda monitorinqin keçirilməsinin məqsədi, subyektləri, müddəti, üsulları, habelə nəticələrinin rəsmiləşdirilməsi qaydası nəzərdə tutulub.
Monitorinq nəticəsində müayinə və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, qanun pozuntularının qarşısının alınması və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılması təmin ediləcək.
İstehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmət onun seçimi ilə qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.
Həmçinin, istehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidir.
İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsini, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.