Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır:
“Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi zamanı açıq rəngli paltarlara üstünlük vermək tövsiyə olunur. Eyni zamanda, günəş kremlərindən və digər Günəşin şüalarından qoruyan vasitələrdən istifadə etmək lazımdır. Dənizdə üzmədən öncə spirtli içkilərdən istifadə yolverilməzdir”.
Həkim deyib ki, dənizdə boğulma zamanı panikaya qapılmadan həmin şəxsi sudan çıxarmaq lazımdır:
“Bu zaman xəsarət alan şəxsin şüurunun yerində olub-olmamasını yoxlamaq, nəbzinə baxmaq lazımdır. Əgər xəsarət alan şəxsin şüuru yerində deyilsə, süni nəfəs vermək lazımdır. Ən əsası isə belə hallarda Təcili Tibbi Yardıma müraciət edilməlidir”.
Çimərlikdə infeksiyaya yoluxma barədə danışan həkim bildirib ki, əgər kimsə çimərliyə getdikdən sonra özündə narahatlıq hiss edirsə, bu zaman həkimə müraciət etməli və müvafiq analizlər verməlidir:
“Hər dəfə çimərliyə getdikdən sonra hansısa infeksiyaya yoluxma ilə bağlı narahatlıq keçirməyə ehtiyac yoxdur. Sadəcə çirkli çimərliklərə getməmək lazımdır”.