Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin  saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”n təsdiqləyib.

Heftelik.az-ın xəbərinə görə, bu Qaydalar Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (xarici ölkələrdəki nümayəndələr) saxlanma xərcləri (o cümlədən təmsilçilik xərcləri) ilə bağlı məsələləri tənzimləyir, o cümlədən təyin olunduqları ölkələrdə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrə və onların ailə üzvlərinə ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir.

Bu Qaydaların məqsədləri üçün xarici ölkələrdəki nümayəndələrin ailə üzvləri dedikdə, xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövlətdə onlarla birlikdə yaşayan nümayəndənin əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları başa düşülür. Bu Qaydalara uyğun olaraq müəyyən olunan ödənişlər xarici ölkələrdəki nümayəndələrə xidmətə təyin olunduqları tarixdən “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qayda ları”nda hər bir dövlət üzrə müəyyən edilmiş xarici valyutada ödənilir. Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə hərbi qulluqçunun xidmət yerinin və pul təminatının saxlandığı digər hallar istisna olmaqla, xarici ölkələrdəki nümayəndələr təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir. Xarici ölkələrdəki nümayəndələrin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir. Xarici ölkələrdəki nümayəndələrə dövlət məvacibi və bu Qaydalarda nəzərdə tutulan digər ödənişlər Xidmət tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən xərclər smetası əsasında ödənilir. Xarici ölkələrdəki nümayəndələrə maliyyə vəsaiti xarici valyutada təhtəlhesab şəxslər üzrə avans şəklində ayrılır. Bu məqsədlə xarici ölkələrdəki nümayəndələr tərəfindən xarici bank müəssisəsində fiziki şəxs qismində bank hesabı açılır və hər ayın 18-25 tarixləri ərzində Xidmət tərəfindən həmin bank hesabına vəsaitin köçürülməsi təmin edilir.

 

Xarici ölkələrdəki nümayəndələrə  müəyyən edilən dövlət məvacibi və təyin olunduqları dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq dövlət məvacibinə bu Qaydaların tələblərinə uyğun fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilən aylıq əlavə ödənilir. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibi diplomatik nümayəndəliklərinin rəhbərlərinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət məvacibinin 85 faiz nisbətində müəyyən edilir. Aylıq əlavənin məbləği xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibindən qanunla müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları, həmçinin gəlir vergisi çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasında fərqə bərabər götürülür. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibinə fərqləndirici əmsal “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada və hədlərdə tətbiq edilir.

Xarici ölkədə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin tibbi təminatı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş tibbi sığorta zərfi əsasında həyata keçirilir. Bu məqsəd üçün dövlət büdcəsində xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsi nəzərə alınmaqla müvafiq vəsaitlər nəzərdə tutulur. Fəaliyyət göstərdikləri ölkələrdə tibbi sığorta xidmətindən istifadə mümkün olmadıqda, xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri xərclər smetasında tibbi təminat xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər. Müvafiq tibbi sığorta zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə xərcləri xarici ölkələrdəki nümayəndələr tərəfindən öz vəsaitləri hesabına ödənilir.

Xarici ölkələrdəki nümayəndələr xidmətə təyin olunarkən, habelə xarici ölkələrdə fəaliyyətlərini başa çatdırıb Azərbaycan Respublikasına qayıdarkən nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici ölkələrdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkədəki nümayəndəyə verilən ödənişli illik məzuniyyət dövründə və ya xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, xarici ölkədəki nümayəndənin və onunla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət etdiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri də bu Qaydalarda nəzərdə tutulmuş qaydada ödənilir.

Xarici ölkələrdə xidmətə təyin olunarkən, habelə fəaliyyətlərini başa çatdırıb Azərbaycan Respublikasına qayıdarkən xarici ölkələrdəki nümayəndələrə və onlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək (yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Xarici ölkələrdəki nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin fəaliyyət göstərdikləri ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur. Həmin vəsaitlər nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri üçün yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bütün xərcləri, o cümlədən nümayəndələrin fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun yaranan əlavə xərcləri təmin etməlidir. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. Xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri nümayəndələrin tutduqları vəzifə və yerli şərait nəzərə alınmaqla, onların fəaliyyət göstərdikləri ölkələrdə mebellə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar. Xarici ölkələrdəki nümayəndələrin yaşayış sahəsi ilə təminatı xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların əlavəsi ilə müəyyən edilən norma əsasında həyata keçirilir. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normadan (müvafiq qaydada artırılma nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı nümayəndələrin öz şəxsi vəsaitləri hesabına  ödənilir. Xarici ölkələrdəki nümayəndələr fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış sahələri ilə təmin olunduqları hallarda, həmin sahələrə görə icarə haqqı ödənilmir. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi icarəyə götürüldükdə həmin sahənin icarəsi üçün ödənilən haqqın məbləği fəaliyyət göstərdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədilə xarici ölkədəki nümayəndənin xidmət etdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.

Yaşayış sahəsi icarəyə götürüldükdə icarəyə verənlə icarə müqaviləsi həmin sahədə yaşayacaq xarici ölkədəki nümayəndə tərəfindən bağlanılır. Bu müqavilə nümayəndənin təyin olunduğu ölkəyə gəldiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddət ərzində müqavilə bağlanılmadıqda, mehmanxana xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. Yaşayış sahəsinin icarə xərcləri aylıq əsasda ödənilir. Yaşayış sahəsinin icarə xərclərinin illik məbləğinin əvvəlcədən icarəyə verənə ödənilməsinə icazə verilmir.

Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində xarici ölkədəki nümayəndə ilə icarəyə verən arasında bağlanılmış icarə müqaviləsi əsasında bank vasitəsilə həyata keçirilir. Xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan ailə üzvlərindən biri eyni xarici ölkədə Xidmətin və ya digər dövlət orqanının nümayəndəsi qismində çalışdığı halda yaşayış sahəsi üçün icarə xərci ailə üzvlərindən birinə ödənilir. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş dövlət büdcəsi vəsaitinin qaytarılması təmin olunmadığı halda həmin vəsait aidiyyəti nümayəndədən tutulur. Yaşayış sahəsinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. Xarici ölkədəki nümayəndə icarəyə götürdüyü yaşayış sahəsini icarəyə verənə təhvil verərkən icarəyə verəndən həmin xarici ölkədəki nümayəndəyə qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alınmalı və Xidmətə təqdim edilməlidir. Yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bu Qaydaların 5-ci hissəsində göstərilən şərtlərlə icarəyə verən razılaşmadıqda və müvafiq ərazidə daha sərfəli şərtlərə yaşayış sahəsinin icarəyə götürülməsi mümkün olmadıqda, qeyd olunan icarə şərtləri Xidmətin və Nazirliyin razılığı əsasında dəyişdirilə bilər.

Xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan ailə üzvlərinin təhsil haqqı ilə bağlı müavinətin ödənilməsi üçün tələb olunan vəsaitlər xərclər smetasında nəzərdə tutulur. Təhsil haqqı ilə bağlı müavinət xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan hər bir ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğə bərabər, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir. Təhsil haqqının təhsil haqqı üzrə müavinətdən artıq olan hissəsi xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.

 

Xarici ölkələrdəki nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq təmsilçilik xərci ödənilir. Xarici ölkədəki nümayəndəyə nümayəndənin xidmət etdiyi dövlətdə onunla birlikdə yaşayan 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları üçün “Sosial müavinətlər haqqında” qanuna əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində aylıq müvafiq valyutada ödənilir. Xarici ölkədə müvafiq vəzifəyə təyin olunarkən xarici ölkədəki nümayəndəyə həmin vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.

Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə siyahısı müəyyən edilmiş müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə xidmət edən nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir. Xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövrdə onlara və ya onlarla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada  ödənilir. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xarici ölkələrdəki nümayəndə və ya onunla birlikdə yaşayan ailə üzvü öldükdə, onların cəsədinin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir. Xarici ölkələrdəki nümayəndələrə təhkim olunan xidməti minik avtonəqliyyat vasitələrinin say həddi (limiti) 1 (bir) ədəd müəyyən edilir. Xarici ölkədəki nümayəndəyə təhkim olunan xidməti minik avtonəqliyyat vasitəsi üçün tam iş vaxtı üzrə aylıq yürüş həddinin norması 1000 km müəyyən edilir. Xidməti minik avtonəqliyyat vasitələri üçün istismar xərclərinin normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada tənzimlənir.

Qeyd. Bu Qaydaların məqsədləri üçün Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi, həmçinin avronun, Böyük Britaniya funt sterlinqinin, İsveçrə frankının və Yaponiya yeninin ABŞ dollarına olan çarpaz məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il 1 iyul tarixinə olan məzənnə göstəricilərinə əsasən müəyyən   edilir.

Xarici ölkələrdəki nümayəndələrin yaşayış sahəsi ilə təminat norması

 

 

Sıra

№-si

 

Vəzifənin adı

Yaşayış sahəsinin yuxarı

həddi (kv.m)

1.Xarici ölkədəki nümayəndə70

 

Qeydlər:

Xarici ölkələrdəki nümayəndələrlə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, göstərilən yaşayış sahəsinin yuxarı həddi (adambaşına düşən yaşayış sahəsi 12 kv.metrdən artıq olmamaqla) Xidmət rəisinin razılığı ilə artırıla bilər. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.