Bu günlər Azərbaycan yenə də dünyanın diqqət mərkəzindədir. İyulun 5-6-da ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatı olan – Qoşulmama hərəkatına Azərbaycanın sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Dövlət başçısı bildirib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
Prezident İlham Əliyev, həmçinin onu da bildirib ki, Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: “Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb. Ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlət başçısı bildirib ki, Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Ölkəmiz həmçinin beş ölkəni peyvəndlə təmin edib. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.
Bu gün BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Ölkəmiz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıdır. BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib: “Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
Tədbirdə həm də Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğu bir daha bildirilib. Vurğulanıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Ölkəmiz neokolonializm meyillərinin artmasından olduqca narahatdır və bunu dövlətimizin başçısı öz çıxışında qeyd edib. Bildirilib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Dövlətimizin başçısı qeyd edib ki, “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”. Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə həm də bu gün bir çox dövlətləri narahat edən məsələyə – Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması məsələsinə də yer ayrılıb. Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlıq ifadə edilərək bu hallar məsuliyyətsizlik və qəbulolunmaz hal kimi qiymətləndirilərək pislənmişdir.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü