Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər iki min manatadək məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Eyni əməllər iki min manatdan dörd min manatadək məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.