Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini bildirib ki, birincisi, bu, bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır.
Rasim İsmayılov qeyd edib ki, onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir: “Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.
Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: “Bununla bağlı apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür”.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə nazir müavini ilə razılaşmayıb: “Burada nazir müavini Rasim İsmayılov dedi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, belə deyil. Nazirlik bunun səbəbini araşdırsın. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız. Keyfiyyətsiz dərman gəlirsə, onun başqa mənbələrini axtarmaq lazımdır. Biz komitədə keçirilən müzakirədə də insanların şəxsi istifadə üçün dərman gətirməsinə mane olunduğu halları qeyd etmişdik. Bir insan özü üçün 3 qutu dərman gətirirsə, onun 2-ni keçirməyə qoyurlar. Bu hallar aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil”.
Spiker Sahibə Qafarova qeyd edib ki, Rasim İsmayılov nazirlik tərəfi olaraq etiraf edir ki, belə hallar var: “Mən də təklif etdim ki, bizə bu barədə məlumat versin”.
Rasim İsmayılov isə bildirib ki, o, çıxışında dərmanların apteklərdə satışının olduğunu deməyib: “Apteklərdə belə hallara çox cüzi rast gəlinə bilər. Çünki apteklərdə mütəmadi yoxlamalar keçirilir. Aparılan tədbirlərlə bağlı sizə məlumat verəcəyəm”.