Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. 30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri qeyd edərək onu onu da əlavə etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.
Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hazırda hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. «Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
Qeyd edilməlidir ki, dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu.
Dövlət başçısı İlham Əliyev nazirlər görüşündə yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi. BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamları qeyd etdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan həmçinin neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Bu gün böyük əminliklə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşilikləri ilə üzləşib, oralar tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. Bu gün erməni vandalizminin göstəricisi olan həmin dağıntılar, evlərin yandırılması, yaşıllıqların məhvi, ekologiyaya vurulan ziyan Ermənistanın beynəlxalq hüquq çərçivəsində dəymiş ziyanı ödəməsi tələbini yerinə yetirməyə məcbur edəcək.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Azərbaycan 44 günlük Vətən müharibəsində işğalçı düşməni məğlub etdi. Çox qısa zamanda Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları işğaldan azad olunan ərazilərimizin əvvəlki vəziyyətinə qayıtmasını təmin edəcək. Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
Bu fakt da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.
Qoşulmama Hərəkatı, eyni zamanda, Hərəkata üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.

Cəsarət Səfərəliyev

İqtisadçı