Fransanın “TotalEnergies” şirkəti SOCAR dövlət neft şirkəti ilə birgə Xəzər dənizində, Bakıdan təqribən 100 km cənub-şərqdə yerləşən Abşeron qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan edib.
Heftelik.az-ın “TotalEnergies”ə istinadən verdiyi məlumata görə, gündəlik hasilat gücü sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qaz Azərbaycanın daxili bazarında satılacaq.
Qeyd olunub ki, “Abşeron” yatağının işlənməsi artan tələbatı ödəmək üçün əlavə qaz tədarükünü təmin edir.
Məlumata görə, JOCAP birgə şirkəti tərəfindən idarə olunan layihədə “TotalEnergies” və SOCAR bərabər 50% paya malikdirlər.
“Kəşfiyyat qrupumuzun uğurlu fəaliyyəti nəticəsində Abşeron qaz yatağının işə salındığını elan etməkdən çox məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatını ödəmək strategiyasına uyğundur və SOCAR ilə tərəfdaşlığımızı gücləndirir”, – “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.