2022-ci ildə Fondun xərclərinin bəzi aylarda gəlirlərini üstələməsi müşahidə edilib. Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Belə ki, Fondun büdcə xərcləri 2022-ci ilin fevral ayında 197,3 mln. manat və ya 116,0 mln. ABŞ dolları, mart ayında 22,0 mln. manat və ya 12,9 mln. ABŞ dolları, sentyabr ayında 743,5 mln. manat və ya 427,7 mln. ABŞ dolları, dekabr ayında isə manat ifadəsində 100,4 mln. manat gəlirlərin xərclərdən çox olsada dollar ifadəsində 276,4 mln. ABŞ dolları (-180,1 mln. ABŞ dolları – 96,3 mln. ABŞ dolları) gəlirlərini üstələməsi müəyyən edilmişdir. “Azerbaijan Rigs” layihəsinin ümumi xərcləri 1,0 milyard ABŞ dolları təşkil edir.
ARDNF layihəyə 2013-2017-ci illərdə öz payına uyğun olaraq (90% ARDNF, 10% SOCAR) 838,0 milyon ABŞ dolları vəsait investisiya edib. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin 2013-2017-ci illərdə 0,78-dən 1,7-dək dəyişməsi nəticəsində, bu xərclərin manat ekvivalenti 855,0 milyon manat təşkil edir (hesablama hər ödəniş gününə Mərkəzi Bank tərəfindən təqdim olunan AZN məzənnəsi ilə aparılıb). 2022-ci ilin sonunda, “Azerbaijan Rigs” layihəsi cari bazar şərtlərinə uyğun olaraq “KPMG Azerbaijan Limited” şirkəti tərəfindən dəyərləndirilmiş və yeni dəyəri 311,9 milyon ABŞ dolları və ya 530,2 milyon manat təşkil edib. Nəticə olaraq, iki hesabat arasında fərqli gəlir/zərər rəqəmləri müşahidə edilib.
Dekabr ayında AZN və ABŞ dollarında hesablanan büdcə gəlirlərin arasındakı fərq ARDNF və SOCAR-a məxsus “Azerbaijan Rigs” MMC-yə edilən manat və ABŞ dolları ilə köçürmələrin uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən manatla, investisiya uçotunda isə Fondun İnvestisiya Siyasətinə uyğun ABŞ dolları ilə öz əksini tapıb.