Beynəlxalq bazarlarda xam neftin qiymətinin Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Fondun 2022-ci il dürüstləşmiş büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70,0 ABŞ dolları nəzərdə tutulduğu halda, 2022-ci ildə orta ölçülü faktiki satış qiymətinin 101,1 ABŞ dolları təşkil etməsi, Fondun xərclərinin isə nəzərdə tutulmuş (11 597,1 mln. manat) məbləğə qarşı (7 988,3 mln. manat) 3 608,8 mln. manat az icra olunması Fondun təsdiq olunmuş büdcəsində nəzərdə tutulmuş 4 192,0 mln. manat həcmində profisitin əlavə olaraq 4 686,2 mln. artması ilə 8 878,2 mln. manat olmasına şərait yaradıb.