Hesabat ilində Dövlət Neft Fonduna 768,7 mln. manat və yaxud 452,2 mln. ABŞ dolları məbləğində bonus ödənişləri daxil olmuş və bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (768,7 mln. manat) 100,0 faiz icra olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i üzrə 450,0 mln. ABŞ dolları, Şahdəniz yatağı üzrə 0,2 mln. ABŞ dolları, Neftçala yatağı üzrə 2,0 mln. ABŞ dolları olmaqla ümumilikdə 452,2 mln. ABŞ dolları vəsait Fonda ödənilib.