“Naxçıvan Sığorta” şirkətinin rəhbərliyinə yeni təyinat olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə şirkət məlumat yayıb.

Abbasbəyli Ayxan Nikbin oğlu “Naxçıvan Sığorta”nın İdarə Heyətinə müvəqqəti üzv seçilib.

 

Qeyd edək ki, bundan əvvəl sığorta şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr seçilmişdi. Yeni təyinatla sığorta şirkətinin idarə heyəti iki nəfərdən ibarət olub.

Qeyd edək ki, Azərbaycanın yeganə regional sığorta şirkəti “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb və onun səhlərinin 100 %-i “Naxçıvan Bank” ASC-yə məxsusdur.

Xatırladaq ki, “Naxçıvan Bank” ASC-nin səhmdarları  artıq dəyişib.  “Naxçıvan Bank”ın səhmlərinin 63.66%-i Hüseyn Məmmədov, 26.52%-i Rüfət Məmmədov və 9.82%-i Binnət Novruzov tərəfindən alınıb. Binnət Novruzov həmçinin, bankın Müşahidə Şurasının sədri, Rüfət Məmmədov isə Müşahidə Şurasının üzvüdür. Bundan əvvəl  bankın səhmdarları Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvləri olub. V.Talıbovun oğlu Rza Talıbov “Naxçıvan Bank”ın səhmlərinin 63.66%-nin, digər oğlu Seymur Talıbov 20.48%-nin, qızı Baharxanım Talıbova 9.82%-nin, xanımı Sevil Sultanova isə səhmlərin 6.04%-nin sahibi olublar. Qeyd edək ki, bu il fevralın 6-da bankın səhmdarlarının dəyişdiyi məlum olsa da, adları açıqlanmamışdı.

Beləliklə, “Naxçıvan Bank”la yanaşı, onun törəmə şirkəti “Naxçıvan Sığorta”nın da sahibləri dəyişib. Belə ki, 2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkəti “Naxçıvan Sığorta”nı təsis edib və onun 100% payla sahibidir.