İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
saat 17.37
İmişlidə ata və oğlu Araz çayında batıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.
Çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.
Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.
***
saat 16.52
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Heftelik.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.