Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və təhsil nazirliyinin yanında İctimai Şuradan istefa verib.
Heftelik.az-ın məlumatına görə, deputat bu barədə “Facebook” səhifəsində paylaşım edib.
Qalmaqalın əsası elm və təhsil naziri Emin Əmrullayevin ” Yaşı 25-dən yuxarı olan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” açıqlaması olub. Bu çıxış cəmiyyətdə birmənalı qarşılanmayıb və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, deputat Etibar Əliyev də sosial şəbəkədə bununla bağlı tənqidi status paylaşıb, nazirin bu fikirlərini əsassız adlandırıb.
Deputatın statusundan az sonra onun nazir Əmrullayevə göndərdiyi whatsapp mesajı statusu ilə yanaşı paylaşılıb. Mesajda deputat nazirdən 65 yaşı tamam olmuş qohumunun müəllim kimi iş müddətinin 1 il daha uzadılmasını xahiş edib.
Saxta profildən edilən paylaşımda iddia olunub ki, nazir bu xahişi yerinə yetirmədiyi üçün deputat onu tənqid edib.
Etibar Əliyev isə bu gün məsələnin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında müzakirə edilməsini istəyib.
Deputat nazir Emin Əmrullayev tərəfindən şəxsi yazışmalarının ictimailəşdiridiyini və şura üzvlərinin onun təsiri altında olduğunu qeyd edib. Etibar Əliyev bildirib ki, şəxsi yazışmanın ictimailəşdirəlməsi mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə ziddir: “Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri – mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm”.