2022-ci ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 19 698,9 mln. manat və yaxud 11 587,6 mln. ABŞ dolları təşkil edib ki, bu da Dövlət Neft Fondunun 2022-ci ilin təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 4 705,5 mln. manat və yaxud 31,8 faiz çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilində bir sıra yataqlar üzrə hasilat proqnozunun icrası tam yerinə yetirilməməsinə baxmayaraq xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində Fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib. Belə ki, 2022-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə satış qiyməti 70 ABŞ dolları proqnozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları təşkil edib.
Beləliklə, 2022-ci ildə mənfəət nefti və qazın satışından yataqlar üzrə cəmi gəlirlər 11 587,6 mln. ABŞ dolları və ya 19 698,9 mln. manat təşkil etmişdir, o cümlədən yataqlar üzrə:
– Azəri-Çıraq-Günəşli yatağı üzrə – 9 888,8 mln. ABŞ dolları;
– Şahdəniz yatağı üzrə kondensatın satışından – 328,6 mln. ABŞ dolları;
– Şahdəniz yatağı üzrə qazın satışından – 1 114,4 mln. ABŞ dolları;
– Digər yataqlar üzrə – 91,4 mln. ABŞ dolları;
– Razılaşma protokolu üzrə – 164,4 mln. ABŞ dolları.