Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb.
Fərmana əsasən, Xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.