Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsinə görə tətbiq edilən cəzalar açıqılanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
– təkrar törədildikdə;
– iki və ya daha çox şəxsə qarşı törədildikdə;
– bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– silah tətbiq etməklə törədildikdə;
– zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə;
– işgəncə verməklə törədildikdə —
bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.