Azərbaycan Respublikası Dövlət Neft Fondu  Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə təsdiq edilmişdir. Əsasnaməyə əsasən Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Əsasnaməyə görə Fondun vəsaiti əsasən aşağıdakı mənbələr hesabına formalaşır:

– Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər;

– neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);

– karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;

–  neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, BakıTbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

– Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışdankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;

Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamı və ona edilən dəyişikliklərlə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aparatının işçilərinin sayı 160 ştat vahidi müəyyən edilib.

Audit Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (bundan sonra Fond) və KDMN tədbirinin predmeti ilə əhatə olunan fəaliyyət və prosedurların həyata keçirilməsinə (yerinə yetirilməsinə) cavabdeh əməkdaşların iştirakı ilə aparılıb.