Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyətini rəsmiləşdirən rüsvayçı Sevr müqaviləsinin imzalanmasının 103-cü ildönümü yaxınlaşır.
1920-ci il avqustun 10-da Fransanın Sevr şəhərində o zamankı Osmalı İmperiyası ilə qalib Antanta ölkələri arasında imzalanan müqavilə böyük ərazi itkiləri ilə yanaşı, faktiki olaraq Türkiyənin müstəqil dövlət kimi mövcudluğunu da sual altına qoyurdu.
Türkiyənin ağır günlərində imzalanmış həmin müqavilə Ermənistan, Yunanıstan və digər ölkələrin revanşist dairələri tərəfindən hələ də hüquqi sənəd kimi təqdim olunur. Halbuki, Sevr müqaviləsi artıq hüquqi sənəd kimi qüvvəsini itirərək Lozanna sülh müqaviləsi ilə əvəzlənib.
Heftelik.az Vüar İsmayılovun bu barədə hazırladığı yazını təqdim edir
Sevr müqaviləsi ümumilikdə, 433 maddədən ibarət olsa da, əsas diqqətçəkən maddələr aşağıdakılar idi.
1. Türkiyəyə 50 min nəfərdən artıq ordu saxlamaq qadağan olunurdu.
2. Ölkənin bütün dəniz əraziləri, o cümlədən Frakiya bölgəsi Yunanıstana birləşdirilirdi.
3. Türkiyənin bütün qərb əraziləri, o cümlədən İstanbul, Ədirnə və İzmir Yunanıstan Krallığının tərkib hissəsi olurdu.
4. Türkiyə Osmanlı İmperiyasının Yaxın Şərq və Şimali Afrikadakı bütün ərazilərindən (Suriya, İraq, Livan, Kipr, Liviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Səudiyyə Ərəbistanı, Küveyt və s.) imtina edir, həmin ərazilərdə müstəqil dövlətlər elan olunurdu.
5. Türkiyə Kilikiya bölgəsində (Alanyadan Adana yaxınlığına qədər olan ərazi) Fransanın mandatını tanıyırdı.
6. Türkiyə Kipr adasına olan iddialarından əl çəkirdi.
7. Türkiyə Ermənistanın müstəqilliyini tanıyır, Van, Qars, Ərzurum, Bitlis, Trabzon və Ağrı dağını onun tərkib hissəsi tanıyırdı.
8. Türkiyə və müqaviləni imzalayan ölkələr Azərbaycanın müstəqilliyini tanıyır, onun Ermənistan və Gürcüstanla sərhədlərini öz aralarında dialoq yolu ilə müəyyənləşdirməyə çağırırdı. Əgər danışıqlar nəticə verməzsə, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədləri Millətlər Liqasının xüsusi vasitəçi komissiyasının köməyi ilə müəyyənləşməli idi.
9. Türkiyə ərazisində payaxtı Diyarbəkir olmaqla, Kürdüstan dövlətinin yaranmasını tanımalı idi.
Müqaviləni Osmanlı İmperiyası (Türkiyə) tərəfindən baş vəzir (sədrzəm) Damad Fərid paşa, maarif naziri Mehmet Hadi Paşa, Dövlət Şurasının başçısı Rza Tefik bəy, İsveçrə səfiri Rəşad Halib bəy imzalayıb.
De-yure qüvvəyə minən Sevr müqaviləsi de-fakto heç zaman qüvvədə olmayıb. Belə ki, müqavilənin imzalanması xəbəri Ankarada Mustafa Kamal Atatürkün yaradıcısı və sədri olduğu Böyük Millət Məclisi tərəfindən qətiyyətlə pislənildi. Atatürk hökuməti müqaviləni tanımaqdan imtina etdi və rüsvayçı Sevr müqaviləsinə imza atanları vətən xaini elan etdi.
İstiqlaliyyət Müharibəsinin qələbəsindən sonra 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində Türkiyə dövləti və müttəfiqlər (Böyük Britaniya, Fransa, Yunanıstan, İtaliya, Yaponiya, Rumıniya, Serb, xorvat və sloven Krallığı) arasında yeni sülh müqaviləsi imzalandı. Müqavilə ədalətsiz Sevr müqaviləsinin üstündən xətt çəkdi və müasir Türkiyənin sərhədlərini müəyyənləşdirdi.
Vüqar İsmayılov