Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
“Vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
– hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
– dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; – dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
– xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
– beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar.