16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanı keçiriləcək.
DİM-dən Heftelik.az-a verilən məlumata görə, imtahanda 1044 namizəd iştirak edəcək. Onlardan 778 nəfər Azərbaycan, 266 nəfər isə rus bölməsi üzrə imtahan verəcək.
Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. 7 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.