Təhsil Nazirliyinin (TN) 01.03.22-ci il tarixli 01- 47(01) – 383/16 saylı məktubu ilə təqdim edilmiş rəsmi proqnozlara əsasən 2022-ci ildə ARDNF-nin büdcəsində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə xərclər 27,8 mln. manat təsdiq edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
2022- ci il ərzində AR Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramı çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən 22,2 mln. manat vəsait ayrılması müəyyən edilib. İcranın az olma səbəbi isə 2022-ci ildə xaricdə doktorantura proqramına aparılmış 2-ci qəbul üzrə sənədləşmə və rəsmiləşdirmə proseslərinin növbəti ilə keçməsi və Beynəlxalq ikili diplom proqramları istiqaməti üzrə büdcədə 5 ikili diplom proqramının nəzərdə tutulmasına baxmayaraq hesabat ilində 4 ikili diplom proqramının icra olunması ilə əlaqədar olmasıdır.