Neft Fondunun Birbaşa daşınmaz əmlak investisiyalarına aid olan Fransanın Paris şəhərində yerləşən Place Vendome daşınmaz əmlak kompleksinin icarəyə verilməsindən 2022-ci ildə ümumilikdə 5,001,343 Avro məbləğində icarə haqqı əldə edilib, daşınmaz əmlakın 99%-i icarədə olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Fondun Yaponiyanın Tokyo şəhərində yerləşən Kirarito Ginza daşınmaz əmlak kompleksinin icarəyə verilməsindən 2022-ci ildə ümumilikdə 257,269,968 yapon yeni məbləğində icarə haqqı əldə edilib, daşınmaz əmlakın 85%-i icarədə olub.

Fondun Londonun Seynt Jeyms 78 ünvanında yerləşən daşınmaz əmlakında yenidənqurma işləri tam yekunlaşdırılıb, dolululuq dərəcəsi binanın ümumi sahəsi üzrə 80% təşkil edib. Lakin 2022-ci ildə bu daşınmaz əmlak üzrə icarə haqları daxil olmayıb, ilk icarə gəlirinin 2023-cü ildə olması gözlənilməkdədir. Binanın icarəyə verilmiş hissələrinin müvafiq müqavilələr üzrə illik icarə haqqı məbləği 10,4 mln. İngilis funt sterlinqi olması müəyyən edilib.

2022-ci il üzrə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Fondun daşınmaz əmlak kompleksinin icarəyə verilməsindən 215,370,261 Rusiya rublu məbləğində icarə haqqı əldə edilmiş, daşınmaz əmlakın 93.5%-i icarədə olub.