Razılaşma Protokolu üzrə SOCAR tərəfindən ARDNF-yə ediləcək ödənişlərin büdcə dürüstləşdirilməsi SOCAR-ın 221000020970020767A00025 nömrəli, 5 aprel 2022-ci il tarixli məktubu əsasında baş tutmuşdur və məktubda qeyd edilən məlumatlar SOCAR-ın AzSD və AzSCP-dəki 14.35% paylarına uyğun təqdim edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Lakin Razılaşma Protokolu üzrə yalnız 10% dividendlər əhatə olunduğuna görə ARDNF tərəfindən müvafiq olaraq proporsional qaydada büdcələşdirilib.
Sözügedən məktubda məhz 14.35%-lik dividendlər nəzərdə tutulduğundan 70,0 ABŞ dolları ssenarisi ilə cəmi dividendlər məbləği olan 590,0 mln. ABŞ dolları 10%-lik dividendlər üzərindən 411,0 mln. ABŞ dolları və müvafiq olaraq Dövlət Neft Fondunun 55%-lik payı 226,0 mln. ABŞ dolları təşkil edibr. Büdcə dürüstləşdirilməsi aparılan zaman artıq 88,0 mln. ABŞ dolları ARDNF-yə daxil olduğundan və proqnozlaşdırılan 226,0 mln. ABŞ dollarından daxil olacaq yerdə qalan hissəsənin Razılaşma Protokoluna əsasən 144,0 mln. ABŞ dolları dəyərində olan Mercury istiqrazları üzrə borcun bağlanılmasına ayrılacaq investisya gəliri kimi tanınmalı olduğundan 88,0 mln. olaraq büdcələşdirilib.
Fondda aparılan təhlillər nəticəsində SOCAR tərəfindən Razılaşma protokolu üzrə 2022-ci ildə 1-ci istiqamət üzrə 27,0 mln. ABŞ dolları, 2-ci istiqamət üzrə 147,0 mln. ABŞ dolları, 3-cü istiqamət üzrə isə 137,2 mln. ABŞ dolları Fonda köçürülmüş, 4-cü istiqamət üzrə isə vəsait qaytarılmayıb. Hesabat ilinin sonuna Protokol üzrə 1-ci və 2-ci istiqamət üzrə qalıq borc qalmayıb, 3-cü istiqamət üzrə qalıq borcun həcmi 842,0 mln. ABŞ dolları, 4-cü istiqamət üzrə isə 914,0 mln. ABŞ dolları təşkil edib.
Razılaşma Protokuluna əsasən yaranmış borc məbləğinin Fonda tam ödənilməməsi (hesabat ilində ödənilmiş məbləğ istisna olmaqla) hesabat ilinin sonuna borc məbləğinin 1 756,0 mln. ABŞ dolları təşkil etməsini şərtləndirməklə Fondun büdcə maliyyə intizamına təsir etməklə yanaşı vəsaitlərin idarəetmədən kənarda qalmasına şərait yaradıb.