Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Heftelik.az-ın məlumatına görə, görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.
Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə mövzusu olub.
Görüş 3 saata yaxın davam edib.
***
saat 15.42
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir.